İqtisadiyyat və Humanitar Kollecdə "Bəşəriyyət qadınla yüksələcək" adlı tədbir
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə "Bəşəriyyət qadınla yüksələcək" adlı tədbir keçirilib.
Kollecin direktoru, professor Səhər Orucova Azərbaycan qadınının tarix boyu öz mübarizliyi ilə tanındığını, Vətənin müdafiəsində daim fədakarlıq nümayiş etdirdiyini qeyd edib. O vurğulayıb ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasəti yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu və ya digər sahələrdə böyük layihələrin uğurla icrası da qadınlar üçün stimul və nümunədir.
Kollecin müəllimi Aynurə Qurban 8 Martın iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günü hesab olunduğunu diqqətə çatdırıb, lap qədimdən xalqımızın qadına olan ehtiramından bəhs edib.
Kollecin Həmkarlar Komitəsinin sədri Tamara Rüstəmova Azərbaycan tarixində ilklərə imza atan, eləcə də Vətən uğrunda canından keçən şəhid qadın qəhrəmanlarımız barədə danışıb.
Tədbir bədii hissə ilə davam edib.