“Heydər Əliyev İli” çərçivəsində BDU-da 200-dən çox tədbir keçirilib
“Heydər Əliyev İli” ilə bağlı Bakı Dövlət Universitetində (BDU) qəbul olunmuş Tədbirlər Planına əsasən, 2023-cü il ərzində BDU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş 200-dən çox elmi, akademik, beynəlxalq, sosial tədbir və layihə həyata keçirilib, monoqrafiyalar, elmi və elmi-kütləvi məqalələr dərc olunub.
İl çərçivəsində BDU-nun “Heydər Əliyev” muzeyi və lektoriyası yenidən qurulub, ən son standartlara cavab verən üslubda tələbələrin ixtiyarına verilib.
Tədbirlər Planı üzrə il ərzində BDU tərəfindən 6 Beynəlxalq, 20 Respublika elmi konfransı keçirilib. Ulu Öndərin zəngin və çoxşaxəli irsinin, azərbaycançılıq ideyasının öyrənilməsi, tədqiqi və təbliği məqsədilə il ərzində BDU-da 34 elmi seminar, 1 elm festivalı, 4 fənn olimpiadası, 7 konfrans, 12 xüsusi mühazirə, 12 ustad dərsi, 8 dəyirmi masa, 8 müsabiqə, 5 layihə, 17 intellektual yarış, 5 görüş, 3 aksiya, 8 sərgi, 18 ekskursiya, 2 flaşmob, 4 ədəbi-bədii proqram, 1 tamaşa, 1 spartakiada, 6 idman turniri təşkil olunub.
26-27 aprel tarixlərində BDU, Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə “Gülüstan” sarayında Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı”, 13 noyabr tarixində isə Ankara şəhərində BDU və Ankara Universitetinin birgə təşkilatçılığı ilə “Bir millət-iki dövlət: Türk dünyası tarixində Heydər Əliyev” adlı iki böyük Beynəlxalq elmi konfrans keçirilib.
Cari ilin 7 aprel və 19 may tarixlərində BDU ilə Tərtər və Masallı Rayon İcra hakmiyyətlərinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş iki konfrans və silsilə tədbirlər keçirilib.
Bundan başqa, BDU-nun Ulu Öndərə həsr olunmuş 3 nəşri - “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət”, “Heydər Əliyev və mətbuat”, “Heydər Əliyev-100. Biblioqrafiya” kitabları hazırlanıb. Həmçinin BDU müəllimlərinin Ümummilli Liderin zəngin və çoxşaxəli fəaliyyətinə dair 20-dən artıq kitabı və 100-dən artıq elmi və elmi-publisistik məqaləsi dərc olunub. Eyni zamanda əməkdaşlar arasında “ULU ÖNDƏR - MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSU” və tələbələr arasında “HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU” adlı məqalə və esse müsabiqələri keçirilib. “BDU könüllüləri” arasında “Sən elə bir zirvəsən” adlı şeir, Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri arasında rəsm və bədii qiraət, Tələbə Gənclər Təşkilatının üzvləri arasında bədii qiraət və esse, “Gənc istedadlar” liseyinin şagirdləri arasında “Heydər Əliyev şagirdlərin gözü ilə” adlı esse müsabiqələri təşkil olunub.
BDU tərəfindən Ulu Öndərə həsr olunmuş xüsusi layihələr (“Heydər Əliyev mühazirələri”, “Heydər Əliyev xatirələrdə”, “Güclü Lider – Güclü Azərbaycan”, “Mədəniyyətimizi tanıyaq”, “Bir kitab - bir gələcək”) də həyata keçirilib. Bu layihələrdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm, sənət, mədəniyyət adamları Ulu Öndərin Azərbaycan dövlətçiliyi yolunda yorulmaz fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.
BDU və Ədliyyə Nazirliyi il ərzində “Ulu Öndər Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda silsilə tədbirlər keçirib. Həmçinin 2023-cü ildə BDU alimləri paytaxt və region universitetlərində, orta məktəblərdə Ulu Öndərlə bağlı mühazirələr oxuyublar.
Müasir Azərbaycan dövlətinin qurucusu, BDU-nun dünya şöhrətli məzunu, Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev milli dövlətçilik salnaməsində elə bir irs yatadıb ki, onun öyrənilməsi, tədqiqi və təbliği ölkəmizdə, hüdudlarımızdan kənarda və ən əsası isə BDU-da daim davam etdiriləcək, öyrəniləcək.