“Geologiya: problemlər, perspektivlər” mövzusunda Respublika konfransı
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Geologiya: problemlər, perspektivlər” mövzusunda Respublika konfransı keçirilib.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov bildirib ki, son dövrlər Universitetdə elmi fəaliyyətin təşkili istiqamətində mühüm addımlar atılır. Xüsusilə silsilə konfranslar elmi potensialın daha da artmasına kömək edir. Mais Süleymanov konfransın işinə uğurlar arzulayıb.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov konfransın əsas elmi istiqamətləri və bölmələri haqqında məlumat verib.
Fakültənin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə çıxış edərək konfransda müzakirə olunan mövzuların elmi əhəmiyyətindən bəhs edib.
Konfransın plenar iclasında Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının dosenti Kərim Rəhimov "Kaolin gillərinin hidrotermal çevrilməsi ilə alınan JWB tip aşağı silisiumlu seolitlərin quruluş tədqiqatları" mövzusunda məruzəsini təqdim edib. Qeyd edib ki, seolit termini ilk dəfə 1756-cı ildə İsveçrə mineroloqu Kronsted tərəfindən işlədilib. Stilbit mineralının qızdırılması zamanı bu mineral tərəfindən adsorbsiya edilmiş suyun buxar şəklində ayrıldığını bildirib. Buna görə həmin material yunancadan tərcümədə “qaynayan daş” mənasını verən seolit adlandırılıb. Seolitlər təbiətdə geniş yayılıb və sənaye miqyasında istehsal edilir. 2018-ci ilin məlumatlarına görə, 253 seolit karkası identifikasiya edilib, onlardan 40-a qədəri təbii şəkildə rast gəlinir. Hər bir seolit quruluşu Beynəlxalq Seolit Assosiasiyasının quruluş komissiyası tərəfindən öyrənilir və ona üç hərfdən ibarət müxtəlif kod verilir. Seolitlər məsaməli quruluşlara malikdirlər və bu məsamələrdə Na, K, Ca, Mg kimi kationlar paylana bilir. Təbiətdə geniş yayılmış seolit mineralı analsim, şabazit, klinoptilolit, heylandit, natralit, fillipsit və stilbitdir. Kation əvəz olunmuş seolitlər müxtəlif turşuluğa malikdir və müxtəlif reaksiyaların gedişini kataliz edirlər.
Daha sonra Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev "Kiçik Qafqazın mərkəzi hissəsinin Üst Pliosen-Dördüncü dövr bimodal maqmatik assosiasiyanın əmələgəlmə problemi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Alp-Himalay qırışıqlıq qurşağının Təbaşirin sonu - Paleogenin əvvəlində Tetis okeanının bağlanması ilə əlaqədar olaraq öz inkişafını kontinental plitələrin kolliziya zonası kimi davam etdirməsi göstərilib. Həmin vaxt Avrasiyanın cənub yamacı fəal kənar olub və daha sonrakı kontinental plitələrin kolliziyası nəticəsində dərinlik prosesləri irsən qalıb. Nəticədə burada bütün Anadolunu, Qafqazı, Şimal-Şərqi İranı əhatə edən geniş kaynozoy vulkanizmi əmələ gəlib. Böyük və Kiçik Qafqazın qırışıqlıq strukturlarının müasir vəziyyətdə formalaşması kövrək kolliziyanın əsas tektonik fazaları ilə əlaqədardır.
Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri dosent Əvəz Məmmədov "Akustik emissiya effektinin proqnostik xüsusiyyətlərinin eksperimental tədqiqatları" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə əsasən müxtəlif zonalarda akustik hadisələrin sayının dəyişməsi ilə bağlı geofiziki məsələlərə toxunulub, işin praktiki əhəmiyyəti nəzərə çatdırılıb.
Daha sonra Faydalı qazıntılar kafedrasının dosenti Ülkər Kərimli “Piyazbaşı filiz sahəsinin filiz minerallaşması (Ordubad filiz rayonu)” mövzusunda məruzəsində tədqiqat sahəsində formalaşan filiz minerallarının genetik xüsusiyyətləri, onların əmələgəlmə şəraiti haqqında məlumat verib.
Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev “Şamaxı-Qobustan ərazisinin mühəndisi-geoloji şəraitinə təbii və texnogen amillərin təsirinin qiymətləndirilməsi” mövzusunda çıxış edərək tədqiqat aparılan ərazidə sürüşmə prosesinin ən çox yayılan ekzogen - geoloji proseslərdən olduğu bildirib. Sürüşmələrin əmələ gəlməsinə təsir edən mühüm təbii və texnogen amillərin ərazinin seysmikliyi, atmosfer çöküntülərinin intensivliyi, sahənin geoloji - tektonik quruluşu və relyefi olduğu diqqətə çatdırılıb. Məruzəçi Qobustan ərazisində mövcud olan Mərəzə, Qurbançı, Cəyirli, Təklə, Təklə-Mirzəbabalı və Çalov sürüşmə sahələri haqqında məlumat verib.
Sonda konfransın plenar iclası bədii hissə ilə başa çatıb.
Konfrans öz işini bölmələr üzrə davam etdirib.