Əqli Mülkiyyət Agentliyinin İH sədri Kamran İmanov BDU-nun professor-müəllim heyətinə mühazirə oxuyub
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri professor Kamran İmanov BDU-nun professor-müəllim heyətinə Azərbaycanda əqli mülkiyyət sisteminin xüsusiyyətləri, müasir dünyada əqli mülkiyyət və əlaqəli hüquqların qorunması ilə bağlı mühazirə oxuyub.
Kamran İmanov mühazirəsində Azərbaycanda əqli mülkiyyət sisteminin yaradılması, formalaşması, xüsusiyyətləri, qanunvericilik bazasına dair ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda əqli mülkiyyət sisteminin yaradılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əqli Mülkiyyət Agentliyinin sələfi olan Müəllif Hüquqları Agentliyinin yaradılması, əqli mülkiyyət hüquqlarının Azərbaycan Konstitusiyasında təsbiti məhz Ulu öndərin hakimiyyətə ikinci qayıdışından sonraya təsadüf edir. Ölkədə əqli mülkiyyət sisteminin inkişafının səbəbkarı isə Prezident İlham Əliyevdir: “Bir örtük altında sənaye mülkiyyəti (ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları) və müəlliflik hüququnun (Copyright) birləşməsi zərurətə çevrilmişdi. Uzun illər bu qollar bir-birindən ayrılıqda fəaliyyətdə idilər. Lakin Prezident İlham Əliyev institusional islahatlar həyata keçirdi. Əqli Mülkiyyət Agentliyinin mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası, Əqli Mülkiyyət Hüquqlarının Təminatı, Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzləri yaradıldı, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verildi. Beləliklə, aparılmış islahatlar nəticəsində biliklərin əldə və dərk edilməsi, yeni biliyin yaradılması və kommersiyalaşaraq, innovasiyaya çevrilməsinə xidmət edən struktur yaradıldı. Dövlət başçımızın da dediyi kimi, “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”.
Kamran İmanov qeyd edib ki, Agentliyin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və həyata keçirilən iqtisadi və hüquqi islahatlara xidmət edir.
Agentlik sədri daha sonra qabaqcıl beynəlxalq təcrübədə əqli mülkiyyət üzrə tədris və təhsil proqramları barədə məlumat verib. Həmçinin bildirib ki, müasir zamanın çağırışları peşəkar əqli mülkiyyət mütəxəssislərinin qıtlığının aradan qaldırılmasını, digər tərəfdən isə əhalinin əqli mülkiyyət mədəniyyət, bilik və məlumatlılığının daha yüksək səviyyəyə qaldırılmasını tələb edir: “Bunlara nail olmaq üçün əlverişli yollar əqli mülkiyyət savadının tələbə auditoriyasına gətirilməsi, təhsil sistemində əqli mülkiyyət anlayışının mistifikasiya səviyyəsindən konkret bilik və vərdişlər mərhələsinə qaldırılmasıdır. Bununla yanaşı, unudulmamalıdır ki, müasir universitetlər 3.0 modeli ilə fəaliyyət göstərirlər (təhsil + elmi tədqiqatlar + biliklərin kommersiyalaşması) və bunların başında düşünülmüş əqli mülkiyyət siyasəti durur. Təcrübə göstərir ki, ABŞ-da və qabaqcıl Avropa dövlətlərində aparıcı sənaye sahələrinin formalaşmasının 80%-dən çox payı universitetlərdə icad edilən yeniliklərlə bağlıdır. Azərbaycanda bu növ universitetlərin təkamülü vacib sosial və iqtisadi problemdir. Çünki müvafiq beynəlxalq reytinqlərin göstərdiyi kimi, bizim “innovasiya resurslarımız” “innovasiya nəticələrimizi” qat-qat üstələyir”.
Kamran İmanov daha sonra Əqli Mülkiyyət Agentliyi və Bakı Dövlət Universiteti arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasının, həmçinin Agentliyin nəzdində BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının filialının yaradılmasının önəmini vurğulayıb. Bildirib ki, istehsalatda, yəni əqli mülkiyyət sisteminin dövlət siyasətini həyata keçirən orqanda BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının filialının yaradılması “təhsil-elm-istehsalat” müasir birliyinin yaradılması deməkdir və bunun bəhrələri yaxın zamanda görünəcək.
Məruzə BDU əməkdaşları tərəfindən maraqla və alqışlarla qarşılanıb.