Dünya Akademik Sammiti çərçivəsində BDU-ya həsr olunmuş sessiya təşkil olunub
İngiltərənin Mançester şəhərində yerləşən Mançester Universitetində Bakı Dövlət Universitetinin (BDU) və nüfuzlu “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə "Azərbaycanda tədqiqat əməkdaşlığı və beynəlmiləlləşmənin təkmilləşdiriliməsi: Bakı Dövlət Universitetinin strategiyası və şəbəkələşmə tədbiri" (“Advancing research collaboration and internationalization in Azerbaijan: Baku State University’s strategy and networking event”) başlıqlı sessiya təşkil olunub. Adıçəkilən sessiya THE-nin Dünya Akademik Sammiti (World Academic Summit) çərçivəsində təşkil olunub. Sessiyada 10-dan çox ölkənin ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev son illərdə Universitetin rəqabət qabiliyyətinin artırılması, eləcə də elmi tədqiqat əməkdaşlığı və beynəlmiləlləşmə istiqamətində görülmüş işlərə dair geniş təqdimatla çıxış edib. Sessiya çərçivəsində Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova ölkədə müvafiq istiqamətlər üzrə görülmüş işlərə dair iştirakçılara məlumat verib.
Sessiyanın ikinci hissəsində THE-nin baş məlumat direktoru Duncan Rossun sədrliyi ilə tədqiqat əməkdaşlığının və beynəlmiləlləşmənin inkişaf perspektivlərinə, ali təhsil və tədqiqatda innovasiyaların təşviqi yollarına dair panel müzakirəsi təşkil olunub. Panel müzakirəsində Ülkər Səttarova, Elçin Babayev, Küveytin Qulf Elm və Texnologiya Universitetinin (Gulf University of Science and Technology) prezidenti Bassam Alameddin iştirak ediblər.
Sessiyanın sonunda BDU-nun rektoru Elçin Babayev THE-yə müsahibə verib.