Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransı 8 bölmədə öz işini davam etdirir
Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransı (NASCO XXVI) 8 bölmədə öz işini davam etdirir. Bunlar “Riyaziyyat və İKT”, “Tibb elmləri”, “Mühəndislik”, “Təbiət elmləri”, “İqtisadiyyat və idarəetmə”, “Pedaqogika və psixologiya”, “Tarix, fəlsəfə, hüquq, siyasi elmlər və sosiologiya”, “Filologiya və mədəniyyətşünaslıq” bölmələridir.
Hibrid formada təşkil olunmuş konfransda ölkəmizin bir sıra bölgələrində yerləşən ali məktəblərdə, o cümlədən Türkiyə, Böyük Britaniya və Almaniyanın tanınmış ali təhsil müəssisələrində təhsil alan doktorantların məruzələri dinlənilib, alınmış elmi nəticələr ətrafında tələbə və gənc tədqiqatçıların iştirakı ilə müzakirələr aparılıb. Bu müzakirələr elmi fəaliyyətə marağı olan tələbələrin sayının artmasına, habelə ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələri və gənc tədqiqatçıları arasında elmi əlaqələrin genişlənməsinə köməklik göstərəcək. Bölmələrdə 220-yə qədər elmi məruzə dinləniləcək.