Çinin Anhui Universitetinin Azərbaycanşünaslıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Xalq Respublikasının (ÇXR) Anhui Universitetinin nəzdində Azərbaycanşünaslıq Mərkəzində olub. Mərkəzdə keçirilən görüşdə Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsi anılıb. Rektor bildirib ki, Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi Azərbaycan dövlətçiliyinin müasir tarixinə əbədi həkk olunub. Azərbaycan-Çin dostluğunun təməli də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Rektor Ümummilli Lider Heydər Əliyevin ideyalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini deyib, Ulu Öndərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.
BDU rektoru həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin keçirildiyi və “Heydər Əliyev İli”nin elan olunduğu ildə BDU-dan olan nümayəndə heyətinin ÇXR-ə səfərinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Daha sonra rektor Elçin Babayev Anhui Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzində yaradılan şəraitə görə də prezident Kuang Guangliyə minnətdarlığını bildirib.