Biologiya fakültəsində “ART-MOTİV” layihəsi təqdim olunub
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirlinin müəllifi olduğu “ART-MOTİV” layihəsi təqdim olunub.
Layihədə 4 tanınmış dünya klassikinın (Qabriel Qarsia Markes “Vida məktubu”, Mahatma Qandi “Dua”, Antuan de Sent-Ekzüperi “Dua”, “Avraam Linkolnun oğlunun müəlliminə məktubu”) bəşəriyyətə ünvanladığı məktubların mətni yer alıb. Əvvəlcə layihə müəllifinin həmin məktublar əsasında hazırladığı videoçarxlara baxılıb.
Qeyd edilib ki, layihənin hazırlanmasında məqsəd insanların, xüsusən gənclərin həyatını müsbət istiqamətə doğru dəyişməyə cəhd etmək, yaxın olduğu üçün adiləşən və hətta bəzən yox kimi görünən məqamlara bir daha diqqət çəkməkdir. Məruzəçi bildirib ki, stress, intihar, zorakılıq, depressiyaların həyatın adı davranışına çevrilməsi təhlükəsi cəmiyyətin bu məqamlardan xilas yollarını düşünməsini tələb edir. “ART-MOTİV” layihəsi gəncləri bu xilas yollarını düşünməyə çağırır.
Təqdimatın sonunda fakültənin dekanı Afət Məmmədova layihənin çox güclü mesajlar verdiyini vurğulayıb, gənclərə milli-mənəvi dəyərləri saxlamaqla daim inkişafda olmağı tövsiyə edib.
Layihə tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.