“Bərabər İnkişaf Naminə” Koalisiya BDU-da maarifləndirici görüş keçirib
“Bərabər İnkişaf Naminə” Koalisiya Bakı Dövlət Universitetində (BDU) seçki hüquqları ilə bağlı maarifləndirici görüş keçirib.
İclası giriş sözü ilə açan moderator, “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü, “Kamillik” qadın cəmiyyətinin prezidenti, I, II çağırış Milli Məclisin deputatı, BDU-nun filologiya elmləri üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova ölkədə gedən ictimai-siyasi proseslər fonunda əldə olunan uğurlardan, Qarabağda tarixi zəfərdən sonra “Böyük Qayıdış” proqramının uğurla reallaşdırılmasından bəhs edib.
"Gənc Demokratlar” İnstitutunun sədri, tanınmış politoloq, bloger Yeganə Hacıyeva dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri kimi Azərbaycanın dayanıqlı inkişafına gənclərin verə biləcəyi töhfələrdən söz açıb, onları beynəlxalq arenalarda və ölkə gündəmində daha fəal iştiraka səsləyib.
AMEA Qadınlar Şurasının sədri, Beynəlxalq Türk Qadınları Həmrəyliyi Assosasiyasının İdarə Heyətinin üzvü, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini daim vacib bilib. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Ulu Öndərin siyasətinin ayrılmaz tərkib hissələrindən olub.
Sonda Mərkəzi Seçki Komissiyasının üzvü, ixtisasca hüquqşünas olan Nailə Əsgərova seçki prosesinin hüquqi bazası barədə geniş məlumat verib. Məruzəçi ölkəmizin taleyüklü seçim qarşısında olduğunu bildirərək, insanları seçki hüquqlarından aktiv istifadə etməyə çağırıb.