BDU və DOST Agentliyinin sosial sahədə müasir dövlət xidmətlərinə dair elmi-praktiki konfransı
Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə "Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin BDU-nun əsas tədris binasında yerləşən büstü önünə gül dəstələri qoyublar.
Konfrans Dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BDU-nun rektoru Elçin Babayev ölkəmizdə aparılan sosial siyasətin mahiyyətindən söz açıb. Bildirib ki, bu il böyük fərəh və qürur hissi ilə 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu sosial siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ötən 20 il ərzində davamlı inkişaf etdirilir: “Hazırda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sosial islahatlar üzrə Dövlət proqramları, təhsil, səhiyyə, sosial müdafiə, demoqrafik inkişaf, məşğulluq, yoxsulluğun azaldılması, sosial evlər, məcburi köçkünlərin məskunlaşması, ünvanlı sosial yardım, özünüməşğulluq və s. sahələrdə onlarla digər proqramlar qəbul edilib. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu prioritetlərdəndir. Bu istiqamətdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin yaradılması məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün atılmış ən böyük addımdır. Sevindirici haldır ki, DOST Agentliyi öz fəaliyyətində təkcə xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə kifayətlənmir, aparılan işlərin elmi əsaslarla inkişaf etdirilməsi, Universitetlərlə əməkdaşlığa da böyük önəm verir. BDU ilə DOST Agentliyi arasında əlaqələrin, qarşılıqlı əməkdaşlığın səviyyəsi bu gün bir çox universitetlərə nümunə göstərilə bilər. Biz artıq mövcud əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumundan sonra daha praktik addımlar atdıq və Bakı Dövlət Universiteti ilə DOST Agentliyi arasında imzalanmış Anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planını qəbul etdik. İnanırıq ki, növbəti ildə də DOST Agentliyi ilə BDU arasında birgə fəaliyyət planı üzrə mühüm addımlar atılacaq.”
Rektor yaradılmasının 5 illiyi münasibətilə də DOST Agentliyinin rəhbərliyini və bütün kollektivini təbrik edib, birgə fəaliyyətin daim artacağına inamını ifadə edib. Eyni zamanda birgə təşkilatçılıq ilə baş tutan konfransın işinə uğurlar arzu edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün sosial istiqamətlər üzrə kadr hazırlığını həyata keçirən Bakı Dövlət Universitetilə belə bir konfransda sosial sahədə müasir dövlət xidmətlərinin təşkili, “bir pəncərə” konsepsiyası, sosial xidmətlərin xəritələnməsi, xidmətlərin rəqəmsal platformaya daşınması və s. mövzularda qəbul edilən məqalə və tezislər bu istiqamətlərdə aparılan tədqiqatlar üçün yol xəritəsi olacaq. Həmçinin DOST Agentliyinin 5 illik fəaliyyəti dövründəki sosial sahədə apardığı şəffaf və elektronlaşdırılmış nümunəvi fəaliyyətindən danışıb. Qeyd edib ki, ötən illər ərzində iki milyona yaxın vətəndaşa göstərilən xidmətlərin 154-ündən 140-a qədəri elektron şəkildə aparılıb. Bu sayədə “DOST” konsepsiyası digər ölkələr tərəfindən sosial məsələlərin həlli istiqamətində əlverişli hesab edilərək böyük marağa səbəb olub.
Tədbirdə, fəxri qonaq qismində iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov və BDU-nun Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyev Ulu Öndər Heydər Əliyevin sosial siyasəti, bu sahənin formalaşması və inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar barədə danışıb, elmi-praktiki konfransın işində uğurlar arzulayıblar.
Daha sonra tədbirdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və DOST Agentliyinin 5 illiyinə dair videoçarx nümayiş olunub.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edib. Təqdimatda sosial sahə üzrə beynəlxalq səviyyədə olan nəzəri modellər, onların detalları və tətbiqi ilə bağlı məlumatlar əks olunub. Eyni zamanda "bir pəncərə" sistemi, bu barədə dünya təcrübəsi və DOST modelinin bu təcrübədə yeri haqqında geniş informasiya verilib.
Daha sonra "Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması" mövzusunda keçirilən elmi-praktiki konfransda iştirak edən spikerlərin çıxışları dinlənilib.
Məruzələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.