BDU "Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə universitet kitabxanalarını yenidən düşünmək” adlı ANKOSLink beynəlxalq konfransında təmsil olunur
20-23 noyabr 2023-cü il tarixlərində Antalyada “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə universitet kitabxanalarını yenidən düşünmək” mövzusunda ANKOSLink beynəlxalq konfransı keçirilir. Konfransda 22 ölkədən 500-ə yaxın iştirakçı, kitabxana işi sahəsində çeşidli informasiya xidmətləri göstərən 212 qurum və 56 firma iştirak edir. Maraqlı tərəflərin bir araya gəldiyi ANKOSLink beynəlxalq konfransı Türkiyədə və regionda kitabxana, nəşriyyat işinə dair yeniliklərin izlənildiyi, problemlərin müzakirə edildiyi, həll yollarının təklif olunduğu dinamik platformadır.
Azərbaycandan 12 nəfərdən ibarət nümayəndə heyətinin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər türk dövlətlərinin kitabxana konsorsiumlarının konfransda iştirakı BDU-nun Elmi Kitabxanası və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun koordinatorluğu ilə təşkil edilib. Konfransın ilk günündə BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Türk Cümhuriyyətlərində kitabxanaların inkişafı” adlı bölmə iclasında “Azərbaycan kitabxanalarının tanıtımı” mövzusunda təqdimatla məruzə edib. Təqdimatda 2023-cü ilin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105, Türkiyə Cümhuriyyətinin qurulmasının 100, Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin 100 illik yubileylərinə təsadüf etdiyi, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə müzəffər Azərbaycan Ordusunun Qarabağın işğalına son qoyduğu vurğulanıb. Məruzədə 1000-dən çox kitabxana və 5 milyondan çox kitab fondunun ermənilərin işğalı nəticəsində tamamən darmadağım və yox edilməsi, 44 günlük qələbədən sonra isə kitabtoplama kampaniyası olan "Qarabağa kitabla gedək!" layihəsi haqqında məlumat verilib. Sonda Azərbaycanda dövlət kitabxana şəbəkə və sistemləri, universal, kütləvi, universitet, gənclər və uşaq kitabxanaları haqqında danışılıb.
Konfransın ikinci günü “Akademik kitabxanalarda inkişaf və yeniliklər” panelində isə BDU Elmi Kitabxanasının şöbə müdiri Cəmilə Yusifova “Az.KİK-ə üzv akademik kitabxanaların inkişaf və yenilikləri” mövzusunda təqdimatla məruzə edib. Təqdimatda universitet kitabxanalarının üzv olduğu Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun fəaliyyəti, beynəlxalq EIFL konsorsiumunun xidmətləri, EBSCO və digər elektron məlumat bazaları haqqında məlumat verilib.
Konfrans öz işini sabah yekunlaşdıracaq.