BDU tələbələri üçün süni intellektə dair infosessiya
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru tərəfindən tələbələr üçün süni intellektə dair “Dərin öyrənmə və maşın öyrənməsi” mövzusunda infosessiya keçirilib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrə süni intellektin həyatımızda mühüm rol oynadığını, əmək bazarının tələblərinə diqtə edən əsaslardan biri olduğunu deyib. Belə təlimlərin keçirilməsinin tələbələrin əmək bazarına uğurlu adaptasiyasının təmin edilməsi, onlara düzgün karyera quruculuğu üçün istiqamət verilməsində müsbət rol oynadığını vurğulayıb.
BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin baş mütəxəssisi Nuriyyə Mustafayevaya Datanın analizi, işlənmə prosesi, tələbləri, toplanması, təmizlənməsi, modelləşdirmə və alqoritmlər haqqında məlumat verib. Data Analizin faydalı məlumatları tapmaqda, nəticə çıxartmaqda, məlumatları tədqiq etməkdə, modelləşdirməkdə istifadə olunan proses olduğunu bildirib.
Daha sonra Azerconnect şirkətinin əməkdaşı Nihat Abdullayev “Dərin öyrənmə və maşın öyrənməsi” mövzusunda təqdimat edib. Qeyd edib ki, bu gün iş dünyasında daha çox istifadə olunan “Süni intellekt” ifadəsinin müəyyən qədər Big Data “inqilabından” qaynaqlanır. Belə ki, məlumatın çoxluğu intensiv tədqiqata icazə verdiyindən, intensiv tədqiqat işinə maşınların insanlardan daha uyğun olduğu müəyyənləşib. İnsanlar üçün yeganə iş bu maşınları daha səmərəli tədqiq etmək, hər bir şeyi təmin etmək üçün mümkün qədər “daha ağıllı” etməyə çalışmaq olub. Nəticədə, həmin ağıllı maşınlar, yəni süni intellekt yaranıb.
Çıxış edən “Google Developers Group”un üzvü Malik Məmmədli İT texnologiyaların bazarda yeri haqqında məlumat verib. “Google” və digər böyük şirkətlərin tələbələr üçün olan proqramlarından bəhs edərək, tələbələri bu cür könüllük proqramlarına qoşulmağa səsləyib.
İnfosessiyada iştirakçıların mövzu ətrafında çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.