BDU tələbələri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin tələbələri 22 aprel - Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turunda iştirak ediblər. Tur çərçivəsində Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Balaxanı Sənaye Parkı və Bakı bərk məişət tullantılarının yandırılması zavodunda olan tələbələrə bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən fəaliyyətlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, il ərzində “Təmiz Şəhər” ASC tərəfindən 700 min tona qədər bərk məişət tullantısı qəbul edilir və bu tullantıların bir hissəsi çeşidləndikdən sonra təkrar emalla yönləndirilir. Təkrar emala yararsız hesab olunan tullantı kütləsi isə Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılır və il ərzində 231,5 milyon kilovat/saata qədər elektrik enerjisi əldə edilir.
Tələbələrə bu prosesin ətraf mühitin mühafizəsinə, yaşıl iqtisadiyyatın inkişafına təkan verdiyi əyani şəkildə nümayiş etdirilib.
Sonda tələbələrə “Təmiz Şəhər” ASC-nin fəaliyyətini əks etdirən broşürlar paylanıb və onların sualları cavablandırılıb.