BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri və ekokönüllüləri 22 aprel – Beynəlxalq Yer Günü ilə əlaqədar Siyəzən rayonunda ağacəkmə aksiyasında iştirak ediblər. Aksiya Qlobal Ekologiya Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Qafqaz üçün Regional Ekoloji Mərkəz tərəfindən birgə icra olunub.
“Torpaq deqradasiyası neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi çərçivəsində keçirilən tədbir zamanı ətraf mühitin mühafizəsi, yaşıllıq zonalarının bərpası və genişləndirilməsinin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələrdən danışılıb. Daha sonra ərazidə yerli torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.
Qeyd edək ki, Beynəlxalq Yer Günü ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur.