BDU rektoru Pekin Universitetində olub
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekin şəhərində yerləşən Pekin Universitetində olub.
Pekin Universiteti ilə keçirilən görüşdə universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması barədə geniş fikir mübadiləsi aparılıb. BDU rektorunun və nümayəndə heyətinin Pekin Universitetini ziyarət etməsindən məmnunluğunu bildirən beynəlxalq əlaqələr üzrə prorektor Fanq Fanq əsası 1898-ci ildə qoyulmuş universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, missiyası elm və təhsil innovasiyalarının əsas mənbəyi və beynəlxalq mübadilə üçün mühüm körpü olaraq təhsilin inkişafına töhfə vermək olan Pekin Universitetində 6 fakültədə 48 mindən çox tələbə (o cümlədən 2500-ə yaxın xarici tələbə) təhsil alır. Bu prosesdə universitetdə fəaliyyət göstərən 55 məktəb və şöbədən, 60 tədqiqat yönümlü struktur bölməsindən və 10 ixtisaslaşdırılmış xəstəxanadan ibarət olan 12 600-dən çox akademik və inzibati heyət iştirak edir.
BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan prorektor Fanq Fanq Pekin Universitetində tətbiq olunan universitet idarəetmə modeli, tədrisin və elmi fəaliyyətin təşkili mexanizmi haqqında danışıb. Pekin Universitetinin profili nəzərə alınmaqla bütün elm sahələrində, əsasən isə riyaziyyat, fizika, astrofizika, kimya, biologiya və digər fundamental elmlər üzrə BDU ilə əməkdaşlıq imkanlarının mövcudluğunu dilə gətirən Fanq Fanq gələcəkdə ikili diplom proqramının təsis edilməsi, tələbələrin və akademik heyətin mübadiləsinin mümkünlüyünə toxunub.
ÇXR-in Pekin şəhərində olmaqdan məmnunluğunu ifadə edən BDU-nun rektoru Elçin Babayev səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. BDU-nun son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlərdən danışan rektor ÇXR-in universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. BDU-da həyata keçirilən kadr hazırlığından, universitetin strateji hədəfləri və mövcud beynəlxalq əlaqələrindən bəhs edən Elçin Babayev xüsusilə də Pekin Universiteti ilə potensial əməkdaşlıq imkanlarını müsbət dəyərləndirib. Qeyd edilib ki, Pekin Universiteti ilə əməkdaşlıq BDU-da universitetin potensialının gücləndirilməsi məqsədilə həyata keçirilən layihələrə əhəmiyyətli töhfə verə bilər.
Müzakirələrdən sonra BDU ilə Pekin Universiteti arasında qarşılıqlı əməkdaşlıq və ikili diplom proqramı üzrə sənədlərin imzalanması üçün razılığa gəlinib. Yaxın gələcəkdə universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, ortaq tədbirlərin keçirilməsi, qarşılıqlı mühazirələrin və təlimlərin təşkili, beynəlxalq layihələrdə birgə iştirak və digər istiqamətlərdə əməkdaşlığın yaradılması nəzərdə tutulur. Daha sonra xatirə şəkilləri çəkdirilib.
Ziyarət çərçivəsində BDU-nun rektoru Elçin Babayev və nümayəndə heyəti Pekin Universitetinin mövcud infrastrukturu və geniş imkanlara malik olan kampusu ilə tanış olub.