BDU-nun türkiyəli tələbələrinin "Biz birlikdəyik: Azərbaycan - Türkiyə!" adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) türkiyəli tələbələrinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Biz birlikdəyik: Azərbaycan - Türkiyə!" adlı konserti keçirilib.
Əvvəlcə BDU-nun türkiyəli tələbələrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirib. 2023-cü il Azərbaycan və Türkiyə üçün əlamətdardır. Bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edirik. Qardaş Türkiyə Cümhuriyyəti də qurulmasının 100-cü ildönümünü qeyd edir. Xalqlarımız arasında bu qardaşlıq, dostluq əbədi və sarsılmazdır.
BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri Şükür Yusifov, Beynəlxalq ümumi hüquq kafedrasının professor əvəzi Şəhriyar Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Hacıbaba Mustafayev, Türk Tələbələr Cəmiyyətinin sədri Muhammed Nazım Köylü çıxışlarında Azərbaycan-Türkiyə qardaşlığından, xalqlarımızın ortaq tarixə, dilə, maraqlara malik olmasından, Ulu Öndər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafındakı rolundan danışıblar.
Sonra türkiyəli tələbələr Ümummilli Lider Heydər Əliyevə, Azərbaycana həsr olunmuş şeirlər deyib, mahnılar oxuyublar.
Tədbirin sonunda BDU THİK tərəfindən türkiyəli tələbələrə sertifikatlar təqdim olunub.