BDU-nun Tələbə Gənclər Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə Yeni il konserti
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Yeni il konserti keçirilib.
Konsert Dövlət himni ilə açıq elan olunub.
BDU-nun TGT sədri Ələkbər Həsənov çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti barədə məlumat verib. Qeyd edib ki, Ulu Öndər hər zaman müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə böyük əhəmiyyət verib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aşkar müşahidə olunurdu. Ötən əsrin 70-ci illərində məhz Ümummilli Liderin təşəbbüsü və gərgin səyləri nəticəsində on beş mindən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil alıb. Bu addım Azərbaycanda ən müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət edib. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində də digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həlli Ulu Öndər üçün prioritet təşkil edib.
Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda müxtəlif musiqilər səsləndirilib. Tədbir respublika və beynəlxalq müsabiqələr laureatları Mehriban Ağabəyli və Fikrət Əliyevin “Azərbaycan” mahnısını səsləndirmələri ilə davam edib. Milli rəqsimiz olan “Dağlar gözəli” nümayiş olunub.
Daha sonra Kadir Özəl, Ayna Band, Fərid Mərd kimi tanınmış müğənnilər çıxış ediblər.