BDU-nun SABAH Mərkəzinin “Bədii qiraət” klubunun təşkilatçılığı ilə şair-publisist Anar Məmmədovla görüş
Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bədii qiraət” klubunun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist Anar Məmmədovla görüş keçirilib.
“Bədii qiraət” klubunun sədri, BDU-nun SABAH qruplarının II kurs tələbəsi İsgəndər Məmmədov əvvəlcə Anar Məmmədovun yaradıcılığı haqqında qonaqlara məlumat verib. O bildirib ki, universitetin dosenti olan Anar Məmmədov uşaq yaşlarından bədii yaradıcılıqla məşğuldur, bu günə kimi müxtəlif bədii və elmi kitabları işıq üzü görüb, şeirlərinə 100-dən artıq mahnı bəstələnib.
BDU-nun SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova, Filologiya fakültəsinin dosenti, bəstəkar Fikrət Əlizadə, Biologiya fakültəsinin dosentləri Səbinə Ömərova, Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli və Səbinə Əsgərova şairin həyat və yaradıcılığından, şeirlərinin Vətənə bağlılığından söz açıblar.
Daha sonra söz Anar Məmmədova verilib. O, iştirakçılara bədii mətnin yaranma prosesini, ədəbi-bədii dilin qanunauyğunluqlarını izah edib. Tədbirdə şairin özü və “Bədii qiraət” klubunun üzvləri şeirlərini səsləndiriblər.
Sonra qonaq müəllim və tələbələrin suallarını cavablandırıb.