BDU-nun professoru Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə dəvət olunub
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının professoru, Dünya Tibb Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, UNESCO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, hüquqşünas və məhkəmə-tibb eksperti, tibb elmləri doktoru, məhkəmə təbabəti üzrə professor Vüqar Məmmədov Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokurorluğunda məsləhət, mühazirə və birgə məhkəmə-tibbi araşdırmalar aparmaq üçün dəvət olunub.
Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) cinayət ədliyyəsi üzrə dünyada ilk daimi fəaliyyət göstərən beynəlxalq orqandır və onun səlahiyyətinə 4 növ cinayət üzrə məsuliyyət daşıyan şəxslərin təqibi və cinayət cəzası daxildir:
- soyqırım cinayətləri,
- hərbi cinayətlər,
- insanlığa qarşı cinayətlər
- təcavüz cinayətləri.
Məhkəmə təbabəti tibb və hüquq elminin kəsişməsində olan mühüm və fundamental bir elm sahəsidir. Məhkəmə təbabəti insan həyatı və sağlamlığı əleyhinə olan cinayətlərin araşdırılmasında müstəsna əhəmiyyət kəsb edir. BCM-in yurisdiksiyasına aid olan cinayətlər onların ən ağır olanlarıdır.
Qərb ölkələrində məhkəmə-tibbi ekspertiza həmişə kriminalistik elmlər arasında mühüm yer tutub, çünki onsuz bu cür ağır cinayətlərin obyektiv və tam araşdırılması mümkün deyil. Sovet illərində Azərbaycanda məhkəmə təbabəti həm də dövlət təbabətinin və səhiyyənin mühüm sahəsinə çevrilib, səhiyyənin tibbi-profilaktik xidmətinin yaxşılaşdırılmasına və tibbi fəaliyyətə nəzarətin həyata keçirilməsinə kömək edib.
BCM-ə dəvət olunan professor və mütəxəssislər dünyada tanınan, yüksək akademik/universitet iş təcrübəsi olan, tanınmış hakim, prokuror, hüquqşünas və hüquq müdafiəçiləridir.