BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Anım mərasimində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova bildirib ki, 20 Yanvar hadisələrində azadlığı canlarından üstün tutan soydaşlarımız Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıblar. 20 Yanvar hadisələrindən bəhs edən Səhər Orucova qeyd edib ki, xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilib, tam siyasi-hüquqi qiymətini alıb.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların xatirəsinin daim ehtiramla anılması, şəhid ailəsi üzvlərinin sosial problemlərinin həlli istiqamətində hər zaman mühüm addımlar atılmışdır. 20 Yanvar faciəsinin xalqımızın yaddaşına kədər və hüzn olması ilə bərabər, həm də qürur və qəhrəmanlıq səlnaməsi kimi həkk olunduğunu bildirib.
Tədbirin bədii hissəsində Kollecin yaradıcılıq mərkəzinin üzvləri şeir, musiqi nömrələri ilə çıxış edib, səhnəciklər göstəriblər.
Sonda 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş olunub.