BDU-nun komandası “Bakı Gənclər Debat Forumu: Qış mövsümü” layihəsində qalib olub
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi, “New World” Proqramının tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində “Bakı Gənclər Debat Forumu: Qış, 2021”in final və bağlanış mərasimi keçirilib.
Forum çərçivəsində “Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” mövzusunda qrup və seçmə oyunları keçirilib. Forumda Azərbaycan və rus bölmələri üzrə 16 ali təhsil müəssisəsinin debat klublarının natiqlərindən ibarət 36 komanda, ümumilikdə 45 hakim iştirak edib, 78 debat oyunu keçirilib, 300-dən artıq gənc maariflənib.
“Bakı Gənclər Debat Forumu”nun qış mövsümünün final mərhələsində Azərbaycan bölməsi üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) “Hər ehtimala qarşı” və Azərbaycan Tibb Universitetinin (ATU) “Corona Mortis” komandaları, rus bölməsi üzrə isə Bakı Dövlət Universitetinin (BDU) “Katyuşa BQU” və Azərbaycan Dillər Universitetinin (ADU) “Flatwhite” komandaları yarışıb.
Debat hakimlərinin qərarına əsasən, AMİU-nun “Hər ehtimala qarşı” və BDU-nun “Katyuşa BQU” komandaları qalib elan olunub.
Forumun hər iki bölmə üzrə ən yaxşı 20 natiqi də müəyyən olub. Belə ki, Azərbaycan bölməsi üzrə Debat Forumunun ən yaxşı natiqi ATU-nun tələbəsi Yunis Məmmədli (62.2 bal), rus bölməsi üzrə isə BDU-nun tələbəsi Ləman Mehrəliyeva (61.2 bal) olub.
Tədbirdə təşkilatın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub və qaliblər mükafatlandırılıb.
Qeyd olunub ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aparıcı və ən kütləvi proqramlarından biri olan Milli Debat Proqramı respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəliyi, 60-dan çox debat klubunu özündə birləşdirir. İndiyədək Milli Debat Proqramı çərçivəsində həyata keçirilən layihələrdə 50 mindən artıq gənc iştirak edib və maariflənib.