BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi və Tərtər RİH-in birgə təşkilatçılığı ilə Respublika konfransı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Respublika konfransı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Tərtər rayonunun mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə həsr edilmiş memorial kompleksi ziyarət ediblər. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin konfrans zalında Dövlət himni səsləndirilib, Ümummilli liderin və respublikamızın ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Respublika konfransını giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayıb, Vətən müharibəsində rayon əhalisinin göstərdiyi fədakarlıqdan bəhs edib. Bildirib ki, Azərbaycan ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə tariximizin yeni və şanlı salnaməsini yazıb. Vətən müharibəsi günlərində mənfur düşmən Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər yaralanıb. Ancaq tərtərlilər doğma yurdlarını tərk etməyib, ön cəbhədə olduğu kimi, arxa cəbhədə də şücaət göstəriblər. Müstəqim Məmmədov Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, Ulu öndərə həsr olunmuş konfransın Tərtər rayonunda keçirilməsinə şərait yaratdıqlarına görə Universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Konfransda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov “Ulu öndər Heydər Əliyev və türk dünyası”, AMEA-nın “Akademkitab” Birliyinin Baş direktoru, filologiya elmləri doktoru Əlağa Cəfərov “Ulu öndər Heydər Əliyev ölkəmizdə sabitliyin və inkişafın qarantıdır” mövzularında məruzələr ediblər.
Tədbirin sonunda “Akademkitab” Birliyi tərəfindən Tərtər rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə edilmiş kitabların sərgisinə baxış keçirilib.