BDU-nun Kimya fakültəsində "Qan yaddaşımızın 104 ili" adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Qan yaddaşımızın 104 ili" adlı tədbir keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov erməni millətçiləri tərəfindən son 200 ildə, eləcə də 1918-ci il martın 31-də xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir. O, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli “31 Mart - qan yaddaşımız” adlı məruzə edib.
Daha sonra çıxış edən fakültə əməkdaşları İbrahim Məmmədov, Natəvan Mahmudova, Yasin Cəfərov, Fuad Sadıqov, Nağı Yaqubov, Əhməd Əhmədov bildiriblər ki, 31 Mart soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzaları, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.
Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr olunan videoçarx nümayiş olunub.