BDU-nun Jurnalistika fakültəsində Nəsir Əhmədlinin 80 illik yubileyi qeyd olunub
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görkəmli ziyalı, professor Nəsir Əhmədlinin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası yeni müstəvidə” mövzusunda Respublika elmi konfransı keçirilib.
Tədbirin moderatoru Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova qonaqları salamlayaraq konfransı açıq elan edib, günün əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra Tədris tele-radio studiyasının (BDU TV) görkəmli alimin həyat və fəaliyyətinə həsr etdiyi videoçarx nümayiş olunub.
Konfransda ölkə mediasının tanınmış nümayəndələri, BDU-nun və Jurnalistika fakültəsinin professor-müəllim heyəti iştirak edib.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, “ARB24” telekanalının sədri Radik İsmayılov, BDU-nun professorları Rüfət Rüstəmov, Cahangir Məmmədli, Həmid Vəliyev, Allahverdi Məmmədli, Qulu Məhərrəmli, Sabir Məmmədli, Ramiz Əsgər, Folklor İnstitutunun professoru Əli Şamil, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev, Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli, Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov, yazıçı-jurnalist İlqar Rəsul, “525-ci qəzet”in redaktoru Yusif Rzayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Əməkdar jurnalist Namiq Əhmədov, jurnalist Cəlalə Nəzəroğlu çıxışlarında Nəsir Əhmədlinin elm və təhsilimizə, peşəkar jurnalist kadrların hazırlanmasına töhfələr verdiyini, zəngin təcrübəsi ilə tələbə-gənclərə dəstək olduğunu vurğulayıblar. Professor Nəsir Əhmədlinin Azərbaycan dilinin saflığının qorunmasında əvəzsiz xidmətlər göstərdiyi xüsusi vurğulanıb.