BDU-nun Jurnalistika fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Beynəlxalq elmi konfrans
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “31 Mart soyqırımı: tarix və gerçəklik” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Onlayn formada keçirilən konfransda BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti və tələbələr, Azərbaycanla yanaşı, Türkiyə, İraq və Rusiyadan olan alimlər iştirak edib.
Konfransın moderatoru Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev 1918-ci il Mart qırğınları barədə ətraflı məlumat verərək, soyqırım aktı haqqında həqiqətlərin, tarixi gerçəklərin, erməni millətçilərinin tarix boyu azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, qəsbkarlıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasının aktual və vacib məsələ olduğunu bildirib. Qeyd edib ki, bu beynəlxalq elmi konfransın əsas məqsədi erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə həqiqətlərin beynəlxalq arenada daha geniş yayılmasıdır.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxışında Mart soyqırımının Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olduğunu bildirərək, bu vandalizm aktlarında on minlərlə dinc sakinin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirildiyinə diqqət çəkib. Qeyd edib ki, soyqırımın qəddar təşkilatçıları məsələnin mahiyyətinin açılmasının, ona hüquqi-siyasi qiymət verilməsinin uzun illər qarşısını almağa çalışıb, özlərinin qəsbkar torpaq iddialarını davam etdiriblər. 1918-ci il mart qırğınlarına yalnız Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra, Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb. Ölkə rəhbərliyinin gördüyü tədbirlər 1918-ci ilin mart qırğınları barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasında əvəzsiz rol oynayıb.
Dünya Jurnalistlər Dərnəyinin sədri Şəmsəddin Kuzəci çıxışında erməni terrorçularının beynəlxalq səviyyədə törətdiyi vəhşiliklərdən, xüsusilə Kərkük türklərinə qarşı yönəlmiş Altınkörpü qətliamından geniş bəhs edib.
BDU Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxışında azərbaycanlıların soyqırımı ilə bağlı ədəbi əsərlərin təbliğinin və tədrisə cəlb olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, işğaldan azad olunmuş bölgələrə səfər etdikcə soyqırımın təkcə insanlara deyil, Azərbaycanın tarixi abidələrinə, mədəniyyət nümunələrinə qarşı da törədildiyini açıq-aydın görmək olur.
Atatürk Universitetinin professoru Esin Derinsu Dayı “İşğaldan qurtuluşa: Qars və çevrəsində erməni vəhşiliyi və türk soyqırımı” adlı məruzə ilə çıxış edib. Natiq 1914-1920-ci illər arasında işğal faktı, Qars və ətrafında baş verən erməni vəhşiliklərindən bəhs edib.
Konfransda çıxış edən Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli çıxışında 31 Mart soyqırımı ilə bağlı müxtəlif dillərdə sənədli filmlərin çəkilməsi və beynəlxalq ictimaiyyətə çatdırılmasının önəmindən bəhs edib.
Aydın Adnan Menderes Universiteti Jurnalistika fakültəsinin dekanı Turan Akkoyun “Azərbaycanda soyqırım gününün təbliğatı” adlı çıxışında ötən yüzillikdə yaşanan soyqırıma sosial elmlər aspektindən yanaşaraq, tarixi faktları akademik baxımdan dəyərləndirib.
Konfransda həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı Elçin Əhmədov, Türkiyənin “Yazar” qəzetinin redaktoru Sərvət Avşar, BDU Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədlinin çıxışları dinlənilib.