BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində özbəkistanlı alimlərlə görüş
Özbəkistanın Əlişir Nəvai adına Dövlət Pedaqoji Universitetinin bir qrup professor-müəllim heyəti Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində olublar. Görüş zamanı fakültə rəhbərliyi tərəfindən dost və qardaş ölkədən gələn qonaqlara ölkəmizdəki təhsil mühiti, BDU-nun tarixi və bu günü, eyni zamanda İnformasiya və sənəd menecmenti fakültəsi barədə geniş məlumat verilib. Torpaqlarımızın işğal altında olduğu dövrlərdə Özbəkistanın hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi, Vətən müharibəsi günlərində ölkəmizə siyasi dəstək verdiyi xatırlanıb. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin artıq istifadəyə verildiyi minnətdarlıqla qeyd olunub.
Görüşdə çıxış edən Əlişir Nəvai adına Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Dilorom Şəmsiyeva “Heydər Əliyev İli”ndə Ulu Öndərin məzunu olduğu BDU-da olmaqlarından məmnunluğunu ifadə edib. O, eyni soya, ortaq tarixə və mədəniyyətə malik xalqlarımızın dostluq və qardaşlıq münasibətlərindən bəhs edib, qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri ilə dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib. “Universitetlərdə biliyin qiymətləndirilməsi meyarlarları” mövzusunda məruzə edən professor Dilorom Şəmsiyeva Özbəkistan və Azərbaycan universitetlərinin qarşılıqlı əlaqələlərindən bəhs edib, biliyin qiymətləndirilməsi ilə bağlı hər iki ölkədə mövcud olan təcrübəni diqqətə çatdırıb. Qardaş ölkələrin ali təhsil müəssisələrinin iş metodları barədə müqayisəli təhlillər aparıb, bir sıra təkliflər səsləndirib.
Sonra Əlişir Nəvai adına Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Feruzə Cumayeva və dosent Gülsənəm Norova məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycanla Özbəkistan arasındakı tarixi münasibətlərdən, ədəbi-mədəni əlaqələrdən, elm və təhsil sahəsindəki əməkdaşlıqdan bəhs olunub, perspektiv hədəflərdən danışılıb. Qonaqlar həmçinin fakültənin professor-müəllim heyəti və tələbələri ilə müxtəlif mövzularda diskussiya aparıblar.