BDU-nun Hüquq fakültəsi Avropa Şurası ilə birgə təlim keçirib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq: Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində “Avropa Insan Hüquqları Məhkəməsi – Qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində presedent hüququ” mövzusunda tədbir keçirilib.
Tədbirin açılış mərasimində AŞ-nın Azərbaycandakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Aliev, layihənin rəhbəri Sandra Veloy Mateu və Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Zoltan Hernyes bildirib ki, “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (2019-2022): Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsinin əsas məqsədi adı çəkilən Konvensiyanın imzalanması və ratifikasiyasının təbliği, eləcə də milli qanunvericiliyin və siyasətin Avropa Şurası standartlarına uyğunlaşdırılması istiqamətində dəstək göstərməkdən ibarətdir. Səfir layihə üzrə tərəfdaş qismində Hüquq fakültəsini görməkdən məmnunluq hissi keçirdiyini bildirib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev AŞ ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın zəruriliyini, Azərbaycanın qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyini vurğulayıb. Zaur Əliyev layihə çərçivəsində təşkil olunan HELP kurslarına Hüquq fakültəsindən qoşulan müəllimlərin kursu müvəffəqiyyətlə bitirdiyini və sertifikatlarla təltif olunduğunu, 2021/2022-ci tədris ilindən bakalavriat təhsil pilləsində tədris olunması üçün “Məişət zorakılığına qarşı mübarizə” fənninin tədris proqramına daxil edildiyini, magistratura təhsil səviyyəsində “Avropa Məhkəməsinin presedent hüququ” fənninin tədris olunduğunu deyib.
Layihə haqqında təqdimatla çıxış edən Sandra Veloy Mateu insan hüquqlarının ciddi pozuntusu olan qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı mübarizəni əhatə edən əsas hüquqi standartlardan biri və hərtərəfli beynəlxalq müqavilə kimi tanınan İstanbul Konvensiyası, onun məzmununa dair məlumatlılığın artırılmasının vacibliyinə diqqət çəkib. Konvensiyanın məqsəd və müddəalarının daha yaxşı başa düşülməsi üçün həyata keçirilmiş və gələcəkdə keçirilməsi nəzərdə tutulan bir sıra tədbirlər haqqında, o cümlədən Azərbaycanın dövlət qurumları ilə üç əsas fəaliyyət sahəsində - qanunvericilik, məlumatlılığın artırılması tədbirləri və dövlət qulluqçularının bacarıqlarının gücləndirilməsi zəminində əməkdaşlıq məsələlərinə toxunub.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, görkəmli hüquqşünas alim Lətif Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsi, onun fəaliyyət mexanizmi, müraciətlərə baxılması kimi məsələlərdən danışıb. “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı - Avropa Insan Hüquqları Məhkəməsinin presedent hüququ” adlanan sessiyada Lətif Hüseynov bu mövzuda məhkəməyə daxil olmuş müraciətlər, onlara baxılması, məhkəmənin qərarı və icrasından bəhs edib. Çıxışında baxılmış işlərdən misallar gətirən Lətif Hüseynov özünün geniş bilik və təcrübələrinə əsaslanan məlumatları tələbələrlə bölüşüb.
Sonda Lətif Hüseynov tələbələrin çoxsaylı suallarını cavablandırıb.