BDU-nun Fizika fakültəsində nəzəri və praktik tədqiqatlar müzakirə edilib
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti elmi seminarı keçirilib.
Seminarı fakültə TEC-in elmi rəhbəri Aida Əhmədova açaraq TEC-in işinin fəallaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Fakültənin dekanı Bəxtiyar Paşayev pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, son iki il ərzində fakültə TEC-in gördüyü işlərdən danışıb, onlayn formada aparılan çoxsaylı elmi seminarlardan sonra bugünkü seminarın əyani şəkildə təşkil olunduğunu qeyd edib. O, seminarların tələbələrin tədqiqatçı kimi formalaşmasında mühüm rol oynadığını bildirib.
Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbli, Optika və molekulyar fizika kafedrasının müdiri Rəna Qasımova tələbələrə bu sahədə görəcəkləri işlərdə uğurlar arzulayıblar.
Seminarda II kurs tələbəsi Aysu Aslanzadə “Kainatın canavarları - qara dəliklər” mövzusunda məruzə ilə çıxış edib.
SABAH qruplarının Fizika fakültəsi üzrə III kurs tələbələri - Səbinə Məmmədova, Firəngiz Qurbanova və Rəcəb Şükürlü “Cərəyan detektoru (indikatoru)” mövzusunda birgə təqdimatla çıxış ediblər. Məruzəçilər hazırladıqları cərəyan detektoru barədə ətraflı məlumat verib, onu əyani nümayiş etdirərək praktik üstünlüklərini göstəriblər.
Seminar iştirakçıları nəzəri və praktik tədqiqatlara dair məruzələrin eyni seminarda təqdim olunmasını yüksək qiymətləndiriblər.