BDU-nun əməkdaşları şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər
Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun Sumqayıt şəhərində yaşayan ailəsini ziyarət ediblər. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Geologiya fakültəsini dekan müavini İlqar Quliyev, BDU könüllülərinin rəhbəri Nərmin Heydərova, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin mütəxəssisi Gülabə Məmmədzadə və tələbələr iştirak ediblər.
Ziyarətdə çıxış edənlər general-mayor Polad Həşimovun Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını, onun qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər. Şəhid generalın anası Səmayə Həşimova oğlu ilə bağlı xatirələrini bölüşüb, Polad Həşimovun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, gələcək nəsillər üçün örnək olacağını vurğulayıb.
Sonra şəhid generalın yaşadığı ünvanda xatirəsinə yaradılmış guşəsi ziyarət olunub, büstü önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
BDU əməkdaşları daha sonra Sumqayıtın Şəhidlər Xiyabanında polkovnik-leytenant Raquf Orucovun məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər.