BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi və ADAU-nun birgə təşkilatçılığı ilə Respublika elmi-praktik konfransı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə ADAU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümumdünya Torpaq Günü: Dayanıqlı kənd təsərrüfatında torpaq amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Konfransda Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi, Türkiyənin EGE Universitetinin Əkinçilik fakültəsi, Lənkəran Dövlət Universiteti, Azərbaycan Torpaqşünaslar Cəmiyyəti, Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfdaş qismində iştirak edib.
Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi yad olunub.
ADAU-nun rektoru Zəfər Qurbanov iştirakçıları salamlayaraq bildirib ki, konfrans hər il qeyd olunan 5 Dekabr - Ümumdünya Torpaq Günündə torpağın əhəmiyyətinə diqqət ayırmaq və torpaq ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə keçirilir.
Konfransın plenar hissəsində BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, dosent Akif Ağbabalı geniş məruzə ilə çıxış edib. Akif Ağbabalı ölkənin zəngin torpaq örtüyünün müasir vəziyyəti, yaranmış problemlərlə bağlı məlumat verib, onların həlli istiqamətində təkliflərlə çıxış edib. Bildirib ki, torpaqların vahid təsnifat sisteminin hələ də tam həllini tapmaması, torpaq islahatından sonra yaranan xırda torpaq mülkiyyətçiliyi şəraitində münbitliyin müqayisəli qiymətləndirilməsi üzrə metodikanın işlənilməməsi, keçmiş işğal olunmuş ərazilərdə torpaqların məqsədli təyinatı və hüquqi rejimindəki problemlər, həmçinin işğal dövründə respublikamızın digər ərazilərində torpaqdan istifadədə yaranmış ifrat yüklənmə məsələlərinin deqradasiyaya səbəb olması, torpaqların optimal idarəolunması ilə bağlı bütün təşkilatları əhatə edən vahid geoməkan məlumat bazasının yaranmaması müasir torpaqşünaslıq elmində həllini gözləyən məsələlərdəndir.
Konfrans öz işini günün ikinci yarısı bölmələrdə davam etdirib.