BDU-nun "BSU Creativity Workz" komandası "Take Off Istanbul" startap sammitində iştirak edib
5-6 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində “Take Off Istanbul” startap sammiti keçirilib. Bu il altıncı dəfə təşkil olunan “Take Off” startap sammitinin keçirilməsində əsas məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, startapların inkişafını dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir. Sammitdə startapçılara təqdimatla çıxış etmək, B2B formatında görüşlər keçirmək və panel müzakirələrdə iştirak etmək imkanları yaradılıb.
34 ölkədən 1252 komandanın müraciət etdiyi “Take Off Istanbul” startap sammitində finala qalan 192 komanda arasına Bakı Dövlət Universitetini təmsil edən “BSU Creativity Workz” komandası da olub.
Daha əvvəl İstanbulda keçirilən “TEKNOFEST 2023” yarışmasında I yeri qazanan və Ankarada “TEKNOFEST – Girişim yarışması”nda 3 qalib komandadan biri olan “BSU Creativity Workz” komandası öz “Driver’s Eye” layihəsini “Take Off Istanbul” startap sammitinin “Pre Seed” kateqoriyasında investorlara təqdim edib.
“Driver’s Eye” süni intellekt əsaslı sürücü monitorinqi, ağıllı logistika idarəetmə sistemini özündə ehtiva edən rəqəmsal həlldir.