BDU ilə MEDİA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova ilə görüşüb.
Görüşdə MEDİA Agentliyi və BDU arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, tələbələrin təcrübi biliklərinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkil edilməsi məsələləri müzakirə olunub.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində yüksək ixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayıb. Gələcəkdə BDU ilə birgə reallaşdırılması nəzərdə tutulan layihələrin tələbələr üçün də əhəmiyyətli rol oynayacağı qeyd edilib.
Daha sonra birgə görüləcək digər işlərlə bağlı fikir mübadiləsi aparılıb.