BDU Elmi Kitabxanasının direktoru akademik kitabxanaların fəaliyyətinə dair vebinarda iştirak edib
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının direktoru Nigar İsmayılova UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda vebinarda iştirak edib.
Vebinara Türkiyə universitetləri (Marmara Universiteti, Yozgat Bozok Universiteti, Kastamonu Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Artvin Çoruh Universiteti, Boğaziçi Universiteti) və Azərbaycanın ali təhsil müəssisələrinin kitabxana rəhbərləri qatılıb.
“Zoom” proqramı üzərindən onlayn keçirilən tədbirdə türkiyəli mütəxəssislərin təqdimatında Dördüncü Sənaye İnqilabının kitabxana işinə və kitabxanaların fəaliyyətinə təsirindən bəhs edən müxtəlif mövzular müzakirə olunub. Kitabxanalarda yeni texnoloji həllər və innovasiyalar, smart kitabxanaların formalaşması, beynəlxalq məlumat bazaları, onların kitabxanalarda ortaq istifadəsi və analitik təhlillərin aparılması, ölkədaxili və beynəlxalq kitabxanalararası resurs mübadiləsinin təşkili və s. kimi məsələləri əhatə edən təqdimatlar maraqla dinlənilib.
Sonda BDU-nun Elmi Kitabxanasının direktoru çıxış edərək aktual mövzularda təqdimatlara görə türkiyəli mütəxəssislərə və UNEC Kitabxana-İnformasiya Mərkəzinin rəhbərliyinə təşəkkür edib.