BDU-da “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabının təqdimatı
Bakı Dövlət Universitetində (BDU) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş dahi liderin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan Ümummilli lider Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində silinməz iz buraxıb, gələcək nəsillər üçün böyük məktəb yaradıb.
Rektor vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev haqqında saysız-hesabsız əsərlər yazılıb, cild-cild kitablar nəşr olunub: “Heydər Əliyev irsi elə bir xəzinədir ki, onu öyrənib, tədqiq edib başa çatdırmaq mümkün deyil. Bu irs bundan sonra da daim araşdırılacaq, tədqiq ediləcək, yeni-yeni nəsillərin tədqiqat obyekti olacaq.
Ulu öndər haqqında nəşr olunan kitabların hər birinin diqqətçəkən olduğunu vurğulayan Elçin Babayev bildirib ki, bunların arasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun müəllifi olduğu “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiyası xüsusi önəm daşıyır. Dörd fəsildən ibarət monoqrafiyada Ulu öndərin siyasətinin fəlsəfi mahiyyəti, iqtisadi, siyasi, mədəni quruculuq və milli ideologiyanın formalaşması sahəsində misilsiz xidmətləri ətraflı təhlil olunur, həmçinin dahi liderin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, birinci xanım Mehriban Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi xoşməramlı missiyasından bəhs olunur. Monoqrafiya Ümummilli liderin zəngin irsinin öyrənilməsi istiqamətində əhəmiyyətli rol oynayacaq, həm müəllimlərin, həm də tələbələrin faydalanacağı tədqiqat əsərinə çevriləcək.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov kitabın təqdimatına şərait yaradıldığına görə BDU rəhbərliyinə təşəkkür edib və tədqiqat əsərinin yazılma zərurətindən danışıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyev fenomeni nəinki Azərbaycanda, bütün dünyada özünə layiqli yer tutub. Azərbaycanın indiki uğurlarının təməlində məhz Ulu öndər Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiya xalqın rifahına, milli kimlik şüurunun oyanmasına xidmət edir. Heydər Əliyev şəxsiyyətinin öyrənilməsi ilə Azərbaycanın dövlət olaraq necə yüksək inkişaf yolu keçdiyini bilmək olur.
Milli Məclisin deputatları Musa Qasımlı, Fazil Mustafa, Hikmət Babaoğlu, Kamilə Əliyeva, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev çıxışlarında Ulu öndər Heydər Əliyevin milli ideologiyanın formalaşması, dövlət idarəçiliyi, iqtisadi, mədəni quruculuq, Azərbaycan dilinin qorunması sahəsində yorulmaz fəaliyyəti, elm və təhsilə qayğısı ilə bağlı fikirlərini bölüşüb, kitabın böyük elmi, siyasi və mənəvi dəyərə malik olduğunu bildiriblər.