BDU-da “Yaponiyada və Çində türkoloji araşdırmalar” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə “Çində və Yaponiyada türkoloji araşdırmalar” mövzusunda elmi seminar keçirilib. Tanınmış türkoloq alim, mərhum Şaməddin Xəlilovun xatirəsinə həsr olunmuş elmi seminarda kafedranın professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Açılış nitq ilə çıxış edən Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov mərhum dilçi alim Şaməddin Xəlilovun ömür yolundan, BDU-da nümunəvi elmi-pedaqoji fəaliyyətindən, dilimizin tarixinin tədqiqi və tədrisi sahəsində xidmətlərindən söz açıb. Seminarın mövzusunun aktuallığına toxunan Məhərrəm Məmmədov bildirib ki, türkologiyanın inkişafında Avropa ilə yanaşı, Asiya ölkələrindəki türkoloji mərkəzlərin də mühüm xidmətləri olub. Bu cəhətdən Çində və Yaponiyada aparılan türkoloji araşdırmaların öyrənilməsi Azərbaycan türkologiyasının elmi qaynaqlarının zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Yaponiyada türkoloji araşdırmalar” adlı məruzə ilə çıxış edən “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov türk-yapon əlaqələrinin tarixi, Yaponiyada türkoloji düşüncənin inkişafına Altayşünaslıq nəzəriyyəsinin təsiri və yapon türkologiyasının inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. Məruzəçi bildirib ki, türklərlə yaponlar arasında əlaqələrin meydana gəlməsi iki istiqamətdə baş verib: çar Rusiyasının müstəmləkəsində olan türklərin apardığı milli mübarizə zəminində və Osmanlı imperiyası ilə rəsmi diplomatik münasibətlər səviyyəsində. Bu baxımdan müəllif türk-yapon əlaqələrinin möhkəmlənməsində Osmanlı imperatoru Sultan II Əbdülhəmidin və XIX əsrin sonu XX əsrin əvvəllərində tanınmış türk ziyalısı və səyyahı Əbdürrəşid İbrahim Əfəndinin xidmətlərindən, habelə “Ərtoğrul Fırkateyni” adlı gəminin faciəli Yaponiya səfərindən söz açıb.
“Çində türkoloji araşdırmalar” adlı məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov öncə Çində yaşayan türkdilli xalqlar və onların mövcud vəziyyəti haqqında məlumat verib. Çində türk dillərinin tədrisi və tədqiqinin mövcud vəziyyətindən bəhs edən məruzəçi burada dil və yazı qaydalarını standartlaşdırma, terminlərin unifikasiyası və lüğətçilik, həmçinin türk dillərinin tarixi və təsviri metodla araşdırılması yönündə görülən işlər barəsində geniş söz açıb. Məruzədə çinli türkoloqlardan Mirsultan Osmanov, Əbdüsalam Abbas və Aminə Qapparın uyğur ədəbi dilinin orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanmasındakı xidmətləri, Şincan-Uyğur Muxtar Vilayəti Terminologiya Komitəsinin terminlərin unifikasiyası ilə bağlı atdığı addımlar, habelə 1980-ci illərdən sonra birdilli və çoxdilli lüğətlərin nəşri sahəsində həyata keçirilən işlər barəsində məlumat verilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, məruzəçilərə suallar ünvanlanıb.