BDU-da XX əsrin II yarısında İranda ədəbi mühitə dair elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “XX əsrin II yarısında İranda ədəbi mühit” mövzusunda elmi seminar keçirilib.
Seminarın məruzəçisi, İran filologiyası kafedrasının müəllimi Nigar Babazadə XX əsrdə İranda hakimiyyətin dəyişməsinin ədəbiyyatda əksindən və həmin dövrdə poeziyanın mənəvi zənginlik axtarışında olmasından bəhs edib.
Məruzəçi qeyd edib ki, poeziya sadəcə estetik təsir göstərmir, eyni zamanda mühüm maarifləndirici əhəmiyyət daşıyır. Şairlər tarixi hadisələrin real aspektdən dərk edilməsi istiqamətində xalqı maarifləndirir, onlara yeni ideyalar aşılayır.
Nigar Babazadə XX əsr İran ədəbiyyatını şeir nümunələri əsasında təhlil edib. Vurğulayıb ki, inqilabdan əvvəlki dövrdə İran şairlərinin bir qismi əsərlərində ənənələrə sadiq qalaraq, eşq, şərab, mistikanı tərənnüm ediblər, lakin xalqı yeniliyə səsləyən, yeni ruhda, mövzularda əsərlər qələmə alan tərəqqipərvər şairlər də meydana çıxıb.
Elmi seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.