BDU-da XIX əsrdə Rusiya imperiyasında cinayətkarlıqla mübarizəyə həsr olunmuş elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “XIX əsrdə Rusiya imperiyasında və Azərbaycanda cinayətkarlıqla mübarizədə əməliyyat-axtarış fəaliyyəti məsələləri” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti Elbəy Nəbiyev eyniadlı məruzə ilə çıxış edib.
Seminarda XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Rusiya imperiyasının tərkibində olması, burada gedən bütün mühüm proseslərin Azərbaycanda da baş verdiyi qeyd olunub. Həmin dövrdə imperiya hüdudlarında cinayətkarlığın vəziyyəti və dinamikasına ilk növbədə qeyri-hüquqi, eləcə də hüquqi amillər təsir göstərib. Rusiya imperiyası ərazisində mövcud olan dövlət-hüquq institutları Azərbaycan ərazisində də yaradılıb və fəaliyyət göstərib.
Qeyd olunub ki, Rusiyada gedən proseslər inkişafa xidmət etsə də (kapitalist münasibətlərinin yaranması və inkişafı, yeni siyasi qüvvələrin meydana gəlməsi), imperiyada, o cümlədən ölkəmizdə XIX əsrin ikinci yarısında sosial-iqtisadi, siyasi gərginliyin yaranmasına səbəb olub.
Elbəy Nəbiyev qeyd edib ki, cinayətkarlıqla mübarizənin üsul və qaydalarını, ilk növbədə əməliyyat-axtarış fəaliyyəti baxımından önəmli olan sənəd və materialları müəyyən qədər qruplaşdırmaq olar. Bu sırada həm Rusiya imperiyasının ali hakimiyyət orqanlarının (nazirlərin və departament direktorlarının təlimatları), həm də Azərbaycan ərazisini idarə edən hakimiyyət orqanlarının normativ hüquqi aktları, polis departamentinin əmr və göstərişləri (təmimnamələri) xüsusi yer tutur.
Elmi seminar mövzu ilə bağlı iştirakçıların suallarının cavablandırılması ilə davam edib.