BDU-da “Xəzərin cənub-qərb sahilinin quşlarının trofik və biotopik əlaqələri” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib.
Seminarda Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev eyniadlı məruzə ilə çıxış edib.
Məruzəçi Xəzərin cənub-qərb sahilinin ayrı-ayrı biotoplarının genişzolaqlılığı, ərazinin çoxşaxəliliyi və miqrasiya yollarının qovşağında yerləşməsinin quşların məskunlaşması üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bu ərazidə Mərkəzi və Şimali Avropa, Rusiya, Orta Asiya, Yaxın Şərq və Şimali Afrikadan gələn quş növlərinin müxtəlif populyasiyaları qışlayır, nəsil verir, yuvalama və qışlama yerləri arasında qısamüddətli dincəlir. Xəzərin cənub-qərb sahili növdaxili və növlərarası münasibətlərin araşdırılması baxımından əlverişli coğrafi yerdədir.
Bildirilib ki, quşların trofik və biotopik əlaqələrinin geniş spektri ekosistemlərin vəziyyətini, baş verən dəyişiklikləri bioindikator kimi istifadə etməyə imkan verir. Seminarda həmçinin müxtəlif infeksion xəstəliklərin yayılmasına şərait yaradan onurğalı və onurğasız heyvanların bioindikatoru kimi quşların rolu müzakirə olunub.
Elmi seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.