BDU-da Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı konfrans keçirilib
Bakı Dövlət Universitetində (BDU) Ümummili Lider Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib.
\Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Sonra anım tədbiri BDU-nun Akt zalında davam edib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU TV-nin Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar hazırladığı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev açıb. Bildirib ki, bəşər tarixində bir vətəndaşın öz dövlətinin timsalına çevrilməsi çox nadir hadisələrdəndir. Yer üzündə bu əlçatmaz zirvəyə yüksələn belə dahi şəxsiyyətlərdən biri məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyət Azərbaycana həm sovet dönəmində, həm də dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə şərəflə rəhbərlik edib. Bu mərhələlərin hər biri ölkəmizin və xalqımızın taleyinin tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olmaqla bərabər, həm də Ulu Öndərimizin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin formalaşması ilə müşayiət olunub. Ulu Öndərin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycanın həyatında həlledici bir mərhələnin başlanğıcı qoyulub. Bugünkü qələbələrimizin, inkişafımızın təməli məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə və müdrikcəsinə respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə atılıb. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə, həlledici bir məqamda xalqın təkidi ilə hakimiyyətə gəlişi ölkəmizi parçalanmaqdan, dövlətimizi yox olmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Heydər Əliyevin siyasi müdrikliyi, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyev ölkəmizin hər yerində və onun hüdudlarından kənarda belə hər bir azərbaycanlı tərəfindən yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur.
Əliş Ağamirzəyev diqqətə çatdırıb ki, bu gün Ulu Öndərin ideyaları, siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Ulu Öndərin müəyyən etdiyi xətti, dahi şəxsiyyətin uzaqgörənliyini cənab İlham Əliyev öz prezidentlik fəaliyyəti ilə təsdiqlədi. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızın 30 illik işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Haqq savaşımız böyük Zəfər ilə başa çatdı. Şuşada, Xankəndidə, doğma torpaqlarımızda müqəddəs bayrağımız qaldırıldı. Bu parlaq qələbəmiz məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməllərinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanılıb.
Daha sonra Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Kamilə Əliyeva, Milli Məclisin üzvü Aydın Mirzəzadə, BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov və BDU-nun Əmək hüququ kafedrasının müdiri, professor Alış Qasımov çıxışlarında dahi liderin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən bəhs ediblər. Çıxışlarda natiqlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.