BDU-da “Ümummilli Lider Heydər Əliyev irsi haqqında elektron resurslar" mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 27 Mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində “Ümummilli lider Heydər Əliyev irsi haqqında elektron resurslar" mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının magistrantı Aydan Şahmarova mövzu ilə bağlı məruzə edib.
Tədqiqatçı əvvəlcə Ümummilli Liderin Azərbaycanda kitabxana işinə diqqət və qayğısından bəhs edib, Ulu Öndərin "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, ilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir" kəlamını bir daha xatırladıb.
Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Heydər Əliyev Fondu, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və Milli Kitabxananın elektron resursları əsasında hazırlanmış məruzədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən bioqrafik məlumatlar, elektron sənəd topluları, zəngin məlumat bazaları təhlil olunub.
Qeyd edilib ki, bu resurslar vasitəsilə istifadəçilər sadə və ya geniş axtarış sistemindən yararlanaraq Heydər Əliyevin əsərlərini müəlliflə, haqqında olan ədəbiyyatı isə predmet, sərlövhə və ya açar sözlə axtarıb tapa, həmçinin Ümummilli Liderin çapdan çıxan əsərləri və haqqında çapdan çıxmış kitabların, məqalələrin, dissertasiya və digər ədəbiyyatların tam mətnindən istifadə edə bilərlər. Tədqiqatçı Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən təşkil olunmuş Ümummilli Liderin zəngin irsini – çıxış, müsahibə, görüş, bəyanat və məktublarının mətnlərini 50 dildə geniş auditoriyaya təqdim edən “Heydər Əliyev İrsi” adlı Beynəlxalq Elektron Kitabxananın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin təbliği baxımından mühüm platforma olduğunu bildirib. Məruzədə davamlı olaraq yenilənən və inkişaf etdirilən elektron resursların Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.
Aydan Şahmarovanın məruzəsi maraqla dinlənilib, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb.