BDU-da Ümumdünya Kvant Gününə həsr olunmuş elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu, AMEA Fizika İnstitutunun birgə təşkilatçılığı ilə 14 aprel – Ümumdünya Kvant Gününə həsr olunmuş elmi seminar keçirilib.
Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov Ümumdünya Kvant Günü ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, bu gün kvant fizikası sahəsində aktiv elmi tədqiqatlar aparan 67 ölkənin tədqiqatçıları tərəfindən könüllü olaraq təsis edilib.
Daha sonra AMEA Fizika İnstitutunun Kvant informatikası laboratoriyasının müdiri, fizika elmləri doktoru Elçin Cəfərov “Yarımkonfaynment effekti nümayiş etdirən kvant harmonik ossilyatoru modelinin dəqiq həlləri” mövzusunda məruzə ilə çıxış edib. O, harmonik ossilyatorun bu halda da enerjisinin spektrinin diskret olduğunu isbatlayıb və modelin dəqiq həllərini ala bilib.
Seminar mövzusu geniş müzakirə edilib, verilən suallar məruzəçi tərəfindən cavablandırılıb.