BDU-da “Üç qardaşın sərvəti” adlı elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə Azərbaycan, Türkiyə və Pakistan Milli kitabxanalarının fəaliyyətinə həsr olunmuş “Üç qardaşın sərvəti" adlı elmi seminar keçirilib.
Elmi seminarı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov Azərbaycan, Türkiyə və Pakistan dövlətlərinin tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətləri barədə ətraflı məlumat verib. Xüsusilə tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistan dövlətlərinin ölkəmizə göstərdikləri mənəvi-siyasi dəstəyin böyük əhəmiyyət daşıdığını qeyd edib. Mais Süleymanov elmi seminarda müzakirə edilən mövzuların aktuallığını vurğulayaraq bildirib ki, üç dost və qardaş dövlətin kitab sərvətindən bəhs edən məruzələri bu dostluğa daha bir töhfə hesab etmək olar.
Elmi seminarda Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov Azərbaycan Milli Kitabxanası, Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi Türkiyə Milli Kitabxanası, Kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov Pakistan Milli Kitabxanası haqqında məruzələr ediblər.
Məruzələrdə üç dövlətin Milli kitabxanalarının yaranma tarixi, formalaşma dövrü və müasir vəziyyəti müqayisəli təhlil edilib. Milli kitabxanaların kitab fondu, oxuculara xidmət üsulları, həyata keçirilən rəqəmsallaşdırma prosesləri, kitabxanalararası əməkdaşlıq barədə dolğun informasiyalar diqqətə çatıdırılıb.
Dinləyicilərin xüsusi marağına səbəb olan elmi seminar diskussiyalarla davam etdirilib, məruzəçilərə çoxsaylı suallar ünvanlanıb.