BDU-da Türkiyə türkcəsində mürəkkəb feillərin qrammatik-leksik xüsusiyyətlərinə dair seminar
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Türkiyə türkcəsində mürəkkəb feillərin qrammatik-leksik xüsusiyyətləri və Azərbaycan dilinə tərcümə məsələləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda türk filologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Hacıyeva eyniadlı məruzə ilə çıxış edib. Bənövşə Hacıyeva Türkiyə və Azərbaycan türkcələrinin eyni dil qrupuna, türk dillərinin oğuz yarımqrupuna aid olduğunu qeyd edib. Vurğulayıb ki, buna görə də hər iki dildə feillərin xüsusiyyətləri və kateqoriyaları arasında bənzərliklər həddən artıq çoxdur. Məruzəçi mürəkkəb feillərin “təsvir feilləri” adlandırılan perifrastik formalarının bəzi nümunələri istisna olmaqla, yalnız Türkiyə türkcəsində mövcud olduğunu qeyd edib.
Araşdırmada mürəkkəb feillərin qrammatik, leksik-semantik xüsusiyyətləri təhlil edilib, Azərbaycan dilinə tərcümə məsələləri izah edilib və nümunələrlə əsaslandırılıb. Türk dilində təsvir feillərinin mürəkkəb feillərin bir qolunu təşkil etməsi və “kurallı birleşik fiiller” adı altında araşdırılması məsələsinə toxunulub, eləcə də köməkçi feillərin yardımı ilə düzəldilən mürəkkəb feillər və Türk dilində “anlamca kaynaşmış birleşik fiiller” adlanan frazeoloji birləşmələr müqayisəli təhlil edilib.
Elmi seminar müzakirələrlə davam edib.