BDU-da tələbələrin IV Respublika konfransı: “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi”
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin IV Respublika konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov Universitetdə elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, tələbələrin bu prosesə cəlb edilməsi istiqamətində atılmış mühüm addımlar barədə məlumat verib: “Bu mənada İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə artıq ənənə halını alan “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda Respublika konfransı xüsusi əhəmiyyətə malikdir. Artıq dördüncüsü keçirilən konfrans tələbələrdə elmi fəaliyyətə böyük maraq yaradacaq, onların bu istiqamətdə gələcək fəaliyyətlərini təşviq edəcək”.
Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, dosent Hüseyn Hüseynov, BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov, BDU-nun Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılova, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, AMEA MEK-in elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar. İnformasiya və sənəd menecmenti fakültəsi üzrə TEC-in elmi rəhbəri, dosent Rəşad Qardaşov bildirib ki, tədbirin keçirilməsində məqsəd kitabxana-informasiya fəaliyyətində elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, tələbələrdə elmi tədqiqata marağı artırmaq, bu istiqamətdə olan elmi nəticələri müzakirə etməkdir. Builki konfransda tədqiqat obyekti kimi xüsusi təyinatlı ali təhsil müəssisələrinin kitabxanalarının iş təcrübəsinin seçildiyini diqqətə çatdıran Rəşad Qardaşov tələbələrə araşdırma aparmaq üçün şərait yaratdıqlarına həmin müəssisələrin rəhbərlərinə, kitabxana əməkdaşlarına təşəkkürünü bildirib.
Respublika konfransında BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasının kitabxanalarının iş təcrübəsinin tədqiqi əsasında hazırladıqları təqdimatları nümayiş etdiriblər. Təqdimatlarda xüsusi təyinatlı ali təhsil müəssisələrinin kitabxanalarında rəqəmsallaşdırma prosesləri, istifadə səmərəliliyi, elektron kataloqun axtarış imkanları barədə geniş məlumat verilib, müqayisəli təhlillər aparılıb, təkliflər irəli sürülüb.
Təqdimatların nümayişindən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rektoru vəzifəsini icra edən, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Milli Müdafiə Universitetinin professoru Mehman Süleymanov, Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis mayoru Fəxri Vəliyev, Ədliyyə Akademiyasının Elmi-tədqiqat və doktorantura şöbəsinin rəisi, hüquq elmləri doktoru Vüsal Əhmədov, Gömrük Komitəsinin Akademiyasının rəis müavini, gömrük xidməti polkovniki, professor Cəmilə Namazova və Fövqalədə Hallar Nazirliyinin Akademiyasının kitabxanasının rəisi, daxili xidmət leytenantı Şəlalə Həziyeva təmsil etdikləri müəssisələrin kitabxanalarının fəaliyyətinin tədqiqini yüksək qiymətləndirib, konfransın təşkilinə görə BDU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.