BDU-da Şuşa qəhrəmanları ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Şuşa ili”nə həsr olunmuş "Şuşa qəhrəmanları ilə görüş" adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin dekanı Fuad Kərimli Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfərinin xalqımızın ürəyinə əbədi həkk olunduğunu vurğulayıb. "Şuşa ili" çərçivəsində keçirilən tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edən Fuad Kərimli bildirib ki, bu qəhrəmanlıq dastanının hər günü öyrənilməli, təbliğ olunmalıdır.
Tədbirdə Şuşa qəhrəmanları - Daxili Qoşunların ehtiyatda olan zabiti İsmayıl Hacıyev, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabitləri Şəmsəddin Qurbanov, Hüseynəli Hüseynəliyev, ən gənc Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov, həmçinin Cavid Həsənov, İsmət Əliyev, Elçin Fətullayev, Əhməd Mirzəyev döyüş yollarından və cəbhə xatirələrindən danışıblar.
Tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, Kimyanın tədrisi metodikası kafedrasının müdiri Yasin Cəfərov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Əlimusa İbrahimov Vətən müharibəsi qəhrəmanlarının döyüş yollarının gənclər üçün nümunə olduğunu və onların xalqımızın milli-mənəvi dəyərinə çevrildiklərini vurğulayıblar.
Tədbirdə "Şuşa, sən azadsan" adlı sənədli film nümayiş etdirilib. Kimya fakültəsinin birinci kurs tələbəsi Elmira Mahmudova "Mən əsgər andını içib gəlmişəm" şeirini səsləndirib.
Şuşa qəhrəmanları tələbələrin suallarını cavablandırıblar. Daha sonra xatirə şəkilləri çəkilib.