BDU-da sürünənlərin ekoloji şəraitə uyğunlaşması ilə bağlı araşdırma aparılıb
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Sürünənlərin xarakterik növlərinin ekoloji şəraitə uyğunlaşmasında davranış dəyişiklikləri, sitoloji və histoloji analizlər“ mövzusunda elmi seminar keçirilib.
Fakültənin Zoologiya və fiziologiya kafedrasının elmlər doktoru proqramı üzrə dissertantı Ramin Həşimov kərtənkələ növlərində müxtəlif mühit şəraitinə uyğunlaşmalar zamanı davranışda, fizioloji-biokimyəvi və sitoloji-histoloji analizlərdə dəyişikliklər haqqında məlumat verib. Bildirib ki, kərtənkələlərin bütün orqan və toxumaları dəyişilmiş ekoloji şəraitə uyğunlaşmanı təmin edir. Tədqiqat işində dəri, qaraciyər, skelet əzələləri, ağciyərin histoloji və sitoloji quruluşunun analizinin nəticələri auditoriyaya çatdırılıb.
Daha sonra məruzəçi qeyd edib ki, kərtənkələlər uzun müddət stabil olan isti şəraitdə saxlanılan zaman onların bədənində parazitlər və şərti patogenlər aktivləşərək heyvana zərər vurur. İnsanların məskunlaşdığı ərazilərə yaxın yerlərdə yaşayan kərtənkələlərin həzm sistemində helmintlərin miqdarı vəhşi təbiətdə yaşayan kərtənkələlərə nisbətən az olur.
Çıxışçı apardığı tədqiqatları, metod və nəticələri auditoriyaya təqdim edib, ekoloji şəraitdən asılı olaraq Ophisops elegans (Menetries, 1832), Lacerta strigata (Eichwald, 1831), Tenuidactylus caspius (Eichwald, 1831) (Reptilia, Sauria) növ kərtənkələlərin əsas orqanlarının sitoloji-histoloji quruluşunda baş verən dəyişikliklər, həmin dəyişikliklərin regenerasiya prosesində dərinin əhəmiyyəti haqqında geniş məlumat verib.
Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.