BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda elmi konfrans
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş gənc alim və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda elmi konfransı keçirilib. Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə konfransı giriş sözü ilə açaraq, Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərin inkişaf, tərəqqi illəri kimi tariximizə yazıldığını qeyd edib, dahi şəxsiyyətin milli ideologiyanın formalaşması, dövlət idarəçiliyi, iqtisadi, mədəni quruculuq, Azərbaycan dilinin qorunması sahəsində yorulmaz fəaliyyəti barədə danışıb.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan konfransın işində uğurlar diləyərək, Ümummilli liderin məzunu olduğu Bakı Dövlət Universitetinə qayğısı, Azərbaycan təhsilinə və elminə göstərdiyi xidmətlər barədə məlumat verib.
Konfransda İran filologiyası kafedrasının professoru, millət vəkili, akademik Rafael Hüseynov Ulu öndərin klassik irsə sevgisi, Azərbaycanın əlyazma sərvətlərinin toplanması, öyrənilməsi, nəşri sahəsində misilsiz rolundan bəhs edib.
Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva Azərbaycan elminin inkişafında Heydər Əliyevin rolundan və xidmətlərindən danışaraq, bu sahədə aparılan işlərə diqqət çəkib.
Türk filologiyası kafedrasının dosenti Kəmalə Əhmədova türk dünyasının fenomenal öndəri Heydər Əliyevin elmə verdiyi dəyər haqqında məruzə ilə çıxış edib.
Daha sonra fakültənin gənc doktorant və magistrantları apardıqları araşdırmalar haqqında məruzələrlə çıxış ediblər.