BDU-da “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka
Bakı Dövlət Universitetində (BDU) DOST Agentliyi, BDU və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka keçirilib. Tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin hüquq, bilik və bacarıqları, eləcə də onlar üçün yaradılmış imkanlar barədə geniş məlumatlandırmanın aparılması olub.
Tədbirdə çıxış edən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində və ərazi bütövlüyümüzü tam təmin etdiyimiz bir ildə bu cür sərgi-yarmarkanın keçirilməsinin cəmiyyətimizin həssas təbəqədən olan nümayəndələrinə diqqəti özündə ehtiva etdiyini deyib. Eyni zamanda BDU və DOST Agentliyi arasında aparılan birgə əməkdaşlığın sosial sahədə aktivliyin artırılmasında, tədqiqatların aparılmasında və əlaqələrin daha səmərəli nəticələr verməsində rol oynadığını və bunun artırılması istiqamətində işlərin aparılacağını bildirib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun fəaliyyətində şaxələndirilən könüllülük və digər sosial fəaliyyətlərdən danışıb. Bildirib ki, DOST Agentliyi dövlət və vətəndaş arasındakı münasibətləri ifadə etməklə cəmiyyətimizin hər bir nümayəndəsinin sosial təminatının yaxşılaşdırılması istiqamətində addımlar atır.
BMT-nin Uşaq Fondunun Yeniyetmə və Gənclərin İnkişafı üzrə mütəxəssisi Nigar Nəsrullayeva, Gender HUB Azərbaycan təşkilatının nümayəndəsi, ƏSA İnklüziv Teatrının aktyoru Orxan Əliyev, DMA-nın karyera məsləhətçisi Xanoğlan Sadiq və başqa dəvətli qonaqlar çıxış edərək əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, sosial müdafiəsi, inklüzvlik və bərabərliyin təmin olunması sahəsində müəssisələri tərəfindən həyata keçirilən layihələrdən danışıb, yeni çağırışlarla auditoriyaya müraciət ediblər.
Tədbir çərçivəsində əlilliyi olan tələbə və gənclərin çıxışları, o cümlədən müxtəlif ideya və layihələrin dinlənilməsi, “DanceAbility Azərbaycan” İnklüziv Rəqs qrupunun çıxışı, əlilliyi olan şəxslərin uğur hekayələrinə həsr olunmuş videoçarxın, eləcə də əl işlərinin nümayişi və yarmarkası təşkil olunub. Tədbirdə səsləndirilən ən uğurlu layihə və təkliflər tərəfdaş qurumlar tərəfindən dəstəklənib. Sərgidə müxtəlif müsabiqə və startap layihələrinin keçirilməsi barədə elanlar verilib.
Qeyd edək ki, 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilib. Layihənin məqsədi əlilliyi olan tələbələri cəmiyyətə tanıtmaq, onlarda müxtəlif özünüinkişaf proqramlarına maraq oyatmaq, özgüvənlərini artırıb yeni layihələrə həvəslə və tərəddüdsüz qoşulmasını təmin etməkdir.