BDU-da qızılquşkimilərin məskunlaşmasına dair seminar
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Azərbaycanda qızılquşkimilərin məskunlaşması və müasir vəziyyəti” mövzusunda elmi seminar keçirilib.
Seminarda Zoologiya və fiziologiya kafedrasının dosenti Anar Məmmədov eyniadlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda qızılquşkimilərin populyasiya səviyyəsində çoxillik bio-ekologiyasının monitorinq yolu ilə öyrənilməsi, çoxparametrli bio-ekoloji qiymətləndirilməsi, səmərəli istifadəsi və qorunması yollarından bəhs edilib.
Anar Məmmədov Azərbaycanda qızılquşkimilərin keyfiyyət və kəmiyyət göstəricilərinin çoxillik ekoloji dinamikasını, oturaq, reproduktiv, qışlayan, yem üçün gələn və miqrant populyasiyalarının müəyyən edilməsi metodlarını izah edib. Məruzəçi Azərbaycanın zoocoğrafi sahələrində qızılquşkimilərin azalma və əhalidən uzaqlaşma səbəblərinin müəyyən edilməsi yollarına diqqət çəkib.
Məruzəçi qeyd edib ki, 17 ornitocoğrafi sahədə təqdim edilən populyasiyaların məskunluğu və ekoloji qiymətləndirilməsi quruda yaşayan onurğalılar üzrə də keçərlidir. Qızılquşkimilərin qorunmasına və səmərəli istifadəsinə dair seminarda təqdim edilən təkliflər quruda yaşayan onurğalı heyvanların başqa qruplarına da tam və ya qismən aid edilə bilər.
Seminarda məruzəçi tələbələrin çoxsaylı suallarını cavablandırıb.