BDU-da “Qədimdən bu günümüzə doğru: milli birlik və Novruz ənənələri” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin təşkilatçılığı ilə 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində "Qədimdən bu günümüzə doğru: milli birlik və Novruz ənənələri” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda BDU-nun SABAH Mərkəzinin müəllimi, Demokratik Proseslərin Beynəlxalq Araşdırma Mərkəzi İctimai Birliyinin sədri, BMT Sivilizasiyalar Alyansı Təşkilatının üzvü, dosent Adil Rəcəbli mövzu ilə bağlı çıxış edib.
O, məruzəsində Novruzun tarixi kökləri, qaynaqları barədə danışıb, Novruza dair miflərdən nümunələr çəkib. Müəllif Novruz bayramının beynəlxalq-siyasi mahiyyətinə görə Asiya, Avropa və Afrika qitələrində müxtəlif xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları əhatə etdiyini, onların tarixində fenomenal mədəniyyət hadisəsi olduğunu qeyd edib.
Adil Rəcəbli vurğulayıb ki, Novruz ənənələri Azərbaycanda milli kimliyin, birliyin formalaşması və möhkəmlənməsində böyük rol oynayır, xalqın maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin martında Şuşada Novruz tonqalını yandıraraq xalqa müraciətini əks etdirən videoçarx nümayiş olunub.